İsmayıllı rayon İcra Hakimiyyəti təkzib edir


İsmayıllı rayon İcra Hakimiyyəti təkzib edir

Realliq.info rəhbərliyi isə mövqeyində haqlı olduğunu deyir


Dünən Realliq.info saytında dərc olunan "İsmayıllının icra başçısını Rəsul Quliyevlə nə bağlayır?" başlıqlı yazıdan sonra adıçəkilən rayon rəhbərliyi redaksiyamıza məktub ünvanlayib. Yazıda qeyd olunan faktları təkzib edən rayon rəhbərliyi iddia edib ki, icra başçısı Mirdaməd Sadıqovun keçmiş spiker Rəsul Quliyevlə heç bir tanışlıq əlaqəsi yoxdur və saytımızı ittiham edərək sifariş icra etdiyini bildirmişdir. Lakin Realliq.info olaraq biz mövqeyimizdə durmaqla icra başçısının ittihamlarını və məktubunda qeyd olunanları qəbul etmirik. Redaksiyanın mövqeyini açıqlamazdan öncə baş redaktorumuzun tapşırığı ilə İsmayıllı rayon rəhbərliyinin bizə ünvanladığı məktubu olduğu kimi diqqətinizə çatdırırıq.

"Hörmətli Realliq.info saytının rəhbərliyi!

Sizin, “İsmayıllının icra başçısını Rəsul Quliyevlə nə bağlayır?” başlığlı yazınız ilə tanış olduq. İsmayılllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun Rəsul Quliyevlə heç bir tanışlıq əlaqəsi yoxdur. Azərbaycanda Heydər Əliyev idaretmə məktəbi ilk dəfə Mirdaməd Sadıqovun təşəbbüsü ilə yaradılıb və hal-hazırda İsmayıllı rayonunda müntəzəm olaraq həmin məktəbin məşğələləri keçirilir. Mirdaməd Sadıqov Dövlətə, dövlətçiliyə və Yeni Azərbaycan Partiyasına bağlılığını hər zaman öz əməlləri ilə sübut etmişdir. Bu cür həqiqətə uyğun olmayan şər-böhtan xarakterli və kimlərinsə sifarişi ilə hazırlanmış yazılarla Mirdaməd Sadıqovun dövlət qarşısında uğurlu fəaliyyətinə kölgə salmaq olmaz.

Sizin yazınız həqiqətə uyğun olmamaqla yanaşı eyni zamanda təxribat xarakterli yazıdır.

İsmayıllı RİH başçısı aparatının

İnformasiya təminatı və təhlil sektoru".


Realliq.info olaraq bir daha bəyan edirik ki, saytımızın rəhbəri İkram Rəhimov 21 ildir ki, ölkədə tanınan və yüksək oxucu sayına malik media qurumlarında müxtəlif vəzifələrdə çalışıb.

Mirdaməd müəllimin iddia etdiyi "sifarişli yazı" fikirlərinə və mövqeyinə daim əks cəbhədə dayanan baş redaktorumuzun mövqeyini öyrəndik. İkram bəy bildirdi ki, icra başçısının subyektiv fikirlərinin saytda dərc olunmasına tapşırığı şəxsən özü verib: "Dünən dərc olunan yazıdan sonra İsmayıllı icra hakimiyyəti rəhbərliyinin redaksiyamıza ünvanladığı məktubla tanış oldum və heç bir sözünə toxunulmadan dərc edilməsini tapşırdım. Etiraz məktubunda qeyd olunanlara münasibətimə gəlincə icra başçısı və onun tabeçiliyində olan əməkdaşların bizi şər və böhtan yazmaqda ittiham etməsi gülüncdür. Mən İsmayıllı RİH - nin başçısı Mirdaməd müəllimin bir ziyalı kimi bu cür mövqe göstərməsinə təəssüf edirəm. Mirdaməd müəllim bilməlidir ki, Realliq.info müstəqil onlayn media qurumudur və heç kimin sifarişini icra etmir. Qaldı ki, icra başçısının keçmiş spikerlə tanışlığına, bir daha xatırladıram ki, dərc olunan yazıda Mirdaməd Sadıqovun Rəsul Quliyevlə əyani tanışlığından bəhs olunmur. Yazıda söhbət icra başçısının Azərbaycan Aqrar Universitetində rektor işlədiyi illərdə iqtidara qarşı cəbhədə yer alan rəsulçuların təhsil ocağında yüksək vəzifəyə təyinatından gedir. Bununla yanaşı rəsulçularla əməkdaşlıqdan bəhs olunan yazıda heç bir şər və böhtandan söhbət gedə bilməz. Biz ümid edirik ki, Mirdaməd müəllim realliq.info - nun haqlı mövqeyini nəzərə alaraq fəaliyyətində olan nöqsanları görəcək və onların aradan qaldırılmasına çalışacaq. İcra başçısına işlərində uğurlar arzulayıram".

Xatırladaq ki, Realliq.info İsmayıllı icra başçısının rayondakı fəaliyyəti ilə bağlı araşdırmalara başlayıb və yaxın günlərdə görülən işlər və nöqsanlarla bağlı ətraflı məlumat verəcəyik.
Günay
Realliq.info

  • 26.10.2017, 07:58, Oxunub: 3 437
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar