Güney Azərbaycanın faciəsi - Gizlədilən tarix


Güney Azərbaycanın faciəsi - Gizlədilən tarix
Güney Azərbaycan tarixinin ən mürəkkəb, hadisələrlə zəngin, eyni zamanda ən çox təhrif edilmiş dövrlərindən biri də Birinci Dünya Savaşı və ondan sonrakı illərdir.
Bu dövr dünyada olduğu kimi Cənubi Azərbaycanda da kəskin dönüşlərin baş verdiyi və ibrət dərsi alınması baxımından çox vacibdir.

Realliqinfo.org xəbər verir ki, bugünədək həmin faciəvi dövr haqda kifayət qədər yazılsa da, fars ziyalıları bu faktları boykot etmiş, görməzdən gəlmişlər. Bu qanlı hadisələrə işıq tutan əsas qaynaqlardan biri Rəhmətulla xan Mütəmədülvüzaranın gündəlikləri əsasında tərtib edilən “Urmu dünyanı yandıran müharibədə” əsəridir. Müəllif bəhs olunan dövrdə İran Xarici İşlər Nazirliyinin Urmudakı yerli idarəsində çalışıb, gördüklərini qələmə alıb. Kavə Bəyat isə 2000-2001-ci illərdə bu qeydləri kitab halına salıb.

Bu dəyərli gündəlik Urmudakı tarixi faciələrimizi dünyaya çatdırmaq yolunda əvəzsiz xəzinədir. Bu qanlı illərdə 200 min azərbaycanlının qanı tökülüb, xatirələrdən silinib.

Uzun illər ABŞ-da yaşayan ziyalımız, Güney Azərbaycanın layiqli oğlu Əhməd Obalının göstərdiyi maliyyə və mənəvi dəstək hesabına bu kitab ərsəyə gəlib. Kitabı daha geniş oxucu auditoriyasına tanıdıb, xalqımızın qan yaddaşını xatırlamaq məqsədilə Atatürk Mərkəzində “Urmu dünyanı yandıran müharibədə” əsərinin təqdimat mərasimi keçirildi. Tədbirə qatılan ziyalılar, elm xadimləri, həmçinin vətəndə səfərdə olan Əhməd Obalı güneyli qardaşılarımızın həyat kitabının ən qəmgin səhifələrini varaqladılar.

İlk çıxışçı millət vəkili, akademik Nizami Cəfərov qonaqları salamladıqdan sonra türk dövlətləri və onların bugünkü perspektivindən bəhs etdi. O, "Urmu" dediyimiz Urmiya torpağının Şumer dövründən üzü bəri mükəmməl mədəniyyət mərkəzi olduğunu vurğuladı. Bu ərazi əsrlər boyu öz gücünü qoruyub, saxlayıb. Millət vəkili həmçinin bildirdi ki, müstəqilliyimizə yeni qovuşanda Urmu faciəsi haqda məlumatlar, yazılı mənbələr az olsa da, bu ğun tariximiz kifayət qədər təbliğ olunur.

Milət vəkili Sabir Rüstəmxanlı da kitabla yaxından tanış olduğunu və güneyli qardaşlarımızın farsların təkzib etdiyi faciəsini ürək ağrısı ilə dilə gətirdi. Azərbaycanın mədəni və siyasi mərkəzi olan İrəvana erməilərin yerləşdirilməsi və xalqımızın sıxışdırılıb, doğma yurdundan zorla çıxarılmasını yada saldı. Bu gün qonşu ölkələrin ərazisi sayılan İravan kimi şəhərlərimizin tarixindən bəhs etdi.

Əhməd Obalı isə çıxışında ermənilərin törətdiyi cinayətlərdən dünyanın xəbərdar olacağını bildirdi.

İnanırıq ki, Güney Azərbaycan tarixinin Birinci Dünya Müharibəsi dövrünə işıq salan bu kitab oxucuların diqqətinə səbəb olacaq.

  • 19.04.2018, 20:10, Oxunub: 1 141
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar