Yeni agentlik bazardakı monopoliyanı dağıda biləcəkmi?


Yeni agentlik bazardakı monopoliyanı dağıda biləcəkmi?
Ölkədə yeni agentlik yaradılıb. Prezident İlham Əliyevin imzaladığı Sərəncam əsasında, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılır. İndiyədək Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti İqtisadiyyat Nazirliyinə tabe idi.

Ləğv edilən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə verilib. Artıq “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslərin təsisçilərinin səlahiyyətlərini də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi həyata keçirəcək. Bənzər agentlik Naxçıvan Muxtar Respublikasında da yaradılıb.

Bu agentliyin yaradılmasının bazarlara necə təsir edəcəyinə gəlincə, bu mövzuda ekspertlərin rəyinə əsaslandıq.

İqtisadçı ekspert Anar Rzayev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, daha öncə də İqtisadiyyat Nazirliyinin tərkibində bənzər qurum var idi:
Yeni agentlik bazardakı monopoliyanı dağıda biləcəkmi?
“Bu qurumun əsas funksiyası bazarda inhisarların yaranmaması və ona nəzarət, o cümlədən istehlakçı hüquqlarının qorunmasıdır. İnhisarların yaranması bazar üçün çox mənfi haldır. Ancaq təbii inhisarlar da var ki, bunlar qaçılmazdır. Məsələn, Bakı Metropoliteni təbii inhisarçıdır. Ancaq digər sahələrdə inhisarçılığın yaranması arzuolunmazdır. Yeni yaradılan agentlik də məhz bu istiqamətdə fəaliyyət göstərib, monopoliya hallarının qarşısını ala bilər. İkinci məsələ isə, istehlakçı hüquqlarına və ümumilikdə istehlak bazarına nəzarətdir. Biz özümüz də istehlakçı olaraq bazarda nə isə alanda hüquqlarımız pozularsa məhz bu agentliyə müraciət etməliyik. Bundan başqa, aldığımız məhsulların keyfiyyəti ilə bağlı da agentlik nəzarət həyata keçirə bilər. Qiymət siyasətinə nəzarətə gəlincə, bu yeni yaradılan qurumun əsasnaməsi açıqlandıqdan sonra bəlli olacaq. Təbii inhisarçılarla bağlı qiymətləri Tarif Şurası müəyyən edir. Digər sahələrdə qiymətlərin tənzimlənməsinə gəlincə, qurumun əsasnaməsinə baxmaq lazımdır. Hələ ki, yeni əsasnamə ictimaiyyətə təqdim olunmayıb”.

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışarkən qeyd etdi ki, əslində belə bir quruma ehtiyac yoxdur:
Yeni agentlik bazardakı monopoliyanı dağıda biləcəkmi?
“İstehlak bazarına nəzarəti həyata keçirmək üçün ən yaxşı vasitə rəqabətli mühitin yaradılmasıdır. Dövlətin borcudur ki, bu mühiti yaratsın, bütün bazar oyunçularından eyni məsafədə dayansın, ədalətli hakim rolunu oynasın. Əgər istehlak bazarında hər hansı problem yaşanırsa, dünya təcrübəsində olduğu kimi bunu ya QHT-lər üzə çıxartmalıdır, ya da istehlakçılar aşkarlayıb məhkəmələrə müraciət edirlər. Bunun müqabilində də kompensasiya alırlar. Ciddi hüquq pozuntusu törədən şirkətlər məhkəmə qərarlarından çəkinərək daha yaxşı işləməyə, istehlakçıların hüquqlarını qorumağa çalışırlar ki, ciddi cərimələrə məruz qalmasınlar”.

Ekspertin fikrincə, Azərbaycanda dövlətin istehlak bazarına nəzarət etməsinin mexanizmlərinin nədən ibarət olması da bilinmir: “Bazarda qiymət siyasətini həyata keçirəcəklərsə, bu doğru deyil. Azərbaycan bazar iqtisadiyyatı şəraitində olan bir ölkədir. Dövlətin sahibkara qiymət siyasətini diktə etmək və ya irad tutmaq səlahiyyəti yoxdur, qanunvericilik buna imkan vermir. Qiymətlərə nəzarət etməyin mexanizmi yoxdur. Dövlətin qiymətlərə nəzarət edə biləcəyi sahələr yalnız təbii inhisarlardır, kommunal xidmətlərdir, ictimai nəqliyyatda gediş haqlarıdır və müəyyən dərman preparatlarının qiymətləridir ki, ona da Tarif Şurası nəzarət edir. Ancaq digər məhsulların satış qiymətinə müdaxilə etmək səlahiyyəti yoxdur. Əgər bu baş verərsə, Sovet dövründə olduğu kimi məhsullar piştaxtalardan yoxa çıxa bilər, satışlar piştaxta altından həyata keçirilə bilər. İndi bizə ona doğrumu gedirik? Burada ciddi müzakirələrə və araşdırmalara ehtiyac var. Dövlət birbaşa nəzarət etmək əvəzinə bazarda rəqabətin yaranmasına çalışmalı, kiçik və orta sahibkarlara dəstək verməlidir. Əgər bunlar baş verməyibsə, dövlətin agentliyi vasitəsilə nəzarətin artırılmasına çalışırlarsa, bu səhv yoldur”.

Nərgiz LİFTİYEVA,

  • 01.05.2018, 19:07, Oxunub: 1 148
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar