“Bəyaz Hərəkat”ın TK-nin sədri Hürrü Əliyevlə müsahibə - VİDEO (2 -hissə)


“Bəyaz Hərəkat”ın TK-nin sədri Hürrü Əliyevlə müsahibə - VİDEO (2 -hissə)

Hürrü Əliyev: "Şovinist qüvvələrin Azərbaycanı öz təsiri altında saxlamasının qarşısını almaq üçün milli gücə ehtiyac var"


Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə bir sıra siyasi partiyalar və hərəkatlar yaranmağa başladı. Bu dönəmə qədər isə, ölkə əhalisinin böyük qismini bir ad ətrafında birləşdirən AXC hərəkatı dağılmaqda olan Sovetlər Birliyinin qaydalarına qarşı çıxmışdı. Əbülfəz Elçibəyin rəhbərliyi altında, Azərbaycanın müstəqilliyi və Rusiyanın əsarətindən xilas olmaq üçün fəaliyyət genişləndi. Digər qonşu ölkələrdə olduğu kimi Azərbaycanda da müstəqil dövlətin yaranması prosesi başladı və nəticədə AXC hərəkatı xalqın dəstəyi ilə məqsədinə çatmış oldu.

Lakin bu proseslərin baş verdiyi dönəmdə Əbülfəz Elçibəyin alternativsiz lider olması, hakimyyət uğrunda savaşa da səbəb oldu. Çoxluğun yer aldığı AXC, Sovetlər Birliyinin dağılmasından sonra hakimiyyətə gəldi. Əbülfəz Elçibəyin prezidentlik dövründə yanlışlıqların olub olmadığı haqqında bu gündə müzakirələr davam edir. Bəzi qonşu dövlətlərin, xüsusən də Rusiya və İranın maraqları, Elçibəy hakimiyyətinin ömrünü qısaldan amillər sayılır. Qarabağda davam edən savaş, Rusiyanın Azərbaycanın müstəqilliyini həzm edə bilməməsi və İranın Elçibəyin yaratdığı Bütöv AZƏRBAYCAN Birliyini özünə təhlükə sayması, AXC hakimiyyətinə qarşı vuruşanların sayını artırmışdı. Ölkədə qarışıqlıq yaradılması üçün çalışan qüvvələr, milli hərəkat hesab edilən və dövrün ən böyük ideyalarının daşıyıcısı olan AXC hakimiyyətinin sonunu gətirmiş oldu.
“Bəyaz Hərəkat”ın TK-nin sədri Hürrü Əliyevlə müsahibə - VİDEO (2 -hissə)
Onu da qeyd etmək olar ki, AXC hakimiyyətinin siyasi yanlışlıqları və bəzi kadrlarının yersiz ambisiyaları sonun başlanğıcı oldu. Xalqın, Əbülfəz Elçibəyin şəxsinə hörmətinin varlığı belə qeyd olunan və bü gündə hamını düşündürən yanlışlıqların acı nəticəsinə əngəl olmadı.
AXC hakimiyyəti və ondan sonra siyasi proseslərin içindən gələnlər, müxtəlif adlarla, lakin eyni məqsədlərə xidmət edən hərəkatlar yaratdılar. Hamının bir istəyi – Hakimiyyətə gəlmək arzusuna köklənən hərəkatların sıraları, AXC kimi geniş təbəqəni təmsil etmədi. Liderlərin siyasi səhnədə yol verdiyi səhvlər xalqı bir cəbhəyə yığa bilmədi.

Bir müddət sonra, Əbülfəz Elçibəyin Kələkidən ölkənin siyasi arenasının mərkəzinə dönüşü keçmiş cəbhəçilərdə yeni ümidlər oyatsada, dəyişiklik baş vermədi. Bunu müxtəlif səbəblərlə əlaqələndirən ekspertlər AXC – nin dirçəlişini mümkünsüz hesab etdilər. Elçibəy dönəminin yenidən başlanacağına ümid edənlər isə keçmiş Prezidentin sağlamlığından narahat idilər. Və uzun sürməyən xəstəlik Əbülfəz Elçibəyin həyatına son vermiş oldu.
Keçmiş prezidentin ölümündən sonra müxalifət partiyaları bir sıra hərakatlar yaratdılar. Bir müddət fəaliyyət göstərən hərəkatların sonradan siyasi qüvvələrin maraqları daxilində yoxa çıxdığının şahidiyik. Siyasi partiyaların qollarına çevrilənlərin, hakimiyyət uğrunda savaşdan məğlub olduqları tarixin yaddaşına yazıldı.


İqtidarın da yaratdığı hərəkatlar siyasi səhnədə o qədər fəallıq göstərə bilmir. Bunun müxtəlif səbəbləri olduğu kimi, yeni ideyanın olmaması və bütün məqsədlərin hakimiyyətə xidmət üzərində köklənməsi hərəkatların genişlənməsinə deyil, onların sadəcə ad olaraq yaşamasına imkan yaradır.
Bu gün isə daha bir hərakatın yaranmasına çalışanlar diqqətimizi çəkdi. “Bəyaz Hərəkat” adı altında cəmləşən isimlər də maraqlıdır. Ən çox diqqət çəkən məqam isə “Bəyaz”ın Təşkilat Komitəsinin sədri Hürrü Əliyevin olmasıdır. Hürrü Əliyev, Əbülfəz Elçibəyin qardaşı oğlu olmaqla yanaşı onun yanında yer alan şəxslərdən olub. Bu amillər bizi Hürrü bəyin qonağı etdi və “Bəyaz Hərəkat”ının lideri ilə fikir mübadiləsi – müzakirələr apardıq. Onun fikirləri tam fərqli və bəlkə də yenilik sayıla bilər. Hürrü bəy, Əbülfəz Elçibəyin ideyalarının davamçısı kimi belə hərakata ehtiyac duyulduğunu və bunun cəmiyyətin tələbi olduğunu önə çəkir.

Hürrü Əliyev yeni hərəkatın milli gücün dirçəlişinə və milli maraqların qorunmasına xidmət edəcəyini bildirir. Onun fikrincə, hakimiyyət uğrunda savaşı kənara qoyub insanlarımızda olan milli gücü birləşdirmək və Azərbaycana kənardan təhlükə yaradan qüvvələrə qarşı mübarizə aparmaq lazımdır. Hürrü Əliyevə görə, iqtidar, müxalifət və bütün xalq eyni məqsədlər üğrunda birləşməsə ölkəmizi düşmənlərdən xilas etmək olmaz. Rusiya və İranın şovinist qüvvələrinin ölkəmiz üçün böyük təhlükə olduğunu bildirən hərəkat rəhbəri, hazırkı durumda həmin qüvvələrə qarşı savaşmağın ən doğru yolunu milli maraqlar üğrunda birləşməkdə görür. Lakin milli maraqlar üğrunda birləşən gücün qonşularla da münasibətinin yaxşı olmasını vacib sayır.

Maraqlı ideyalara və məqsədlərə köklənən “Bəyaz Hərəkat”ın Təşkilat Komitəsinin sədri ilə müsahibəmiz maraqlı alındı. Hürrü bəyin tarixə nəzəri və Əbülfəz Elçibəyin bu günə qədər gizli qalan ideyalar haqqında söylədikləri hamımızı düşündürən fakt ola bilər. Onun “Əbülfəz Elçibəy Rusiya və İran üçün nüvə siahından da təhlükəli idi” – kimi fikirlərinin arxasında dayanan məntiqin açıqlaması siz oxucularımıza maraqlı olacağını nəzərə alıb həmin müsahibənin video yazısının 2– ci hissəsini təqdim edirik. Xatırladaq ki, müsahibə iki hissədən ibarətdir və hər iki hissəsi ilə Realliqinfo.org saytında izləyə bilərsiniz. (Müsahibənin birinci hissəsi ilə bu linkdə - http://realliq.info/xeberlenti/13115-ebulfez-elchibey-rusiya-ve-ran-uchun-nuve-silahindan-da-tehlukeli-idi.html - tanış ola bilərsiniz)


Realliqinfo.org

  • 10.05.2018, 12:16, Oxunub: 3 241
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar