MOBİL MONOPOLİYA VƏ TANIMADIĞIMIZ SİRLİ OLİQARX– Balansımızdan oğurluq edən şirkətlərin SİYAHISI


MOBİL MONOPOLİYA VƏ TANIMADIĞIMIZ SİRLİ OLİQARX– Balansımızdan oğurluq edən şirkətlərin SİYAHISI
Azərbaycandakı mobil operatorların qiymət və xidmət sarıdan dünyada analoqunun olmaması heç kimə sirr deyil – əlbəttə ki, mənfi mənada. Soyğunçu qiymətlər, olduqca aşağı keyfiyyətli xidmət, müştərilərə qarşı sayğısızlıq, müxtəlif adlarla balansdan pul silinməsi və daha nələr-nələr – bütün bunlar bizim mobil operatorların “həyat kredosu”dur

Hamıya məlumdur ki, bizim mobil operatorların tətbiq etdiyi qiymətlər nə dünyadakı analoji şirkətlərin tariflərinə, nə də Azərbaycan əhalisinin alıcılıq qabiliyyətinə uyğundur. Bəs bazar iqtisadiyyatının ən başlıca ünsürü olan rəqabət mühitinin az qala sıfıra yaxın olduğu bu sektora nədən diqqət ayrılmır? Və bu anormal dərəcədə cəzasızlıq mühitindən istifadə edərək, külli miqdarda gəlir əldə edənlər kimlərdir?

“Nar” ilə “Bakcell”i kim və niyə birləşdirir?
“Azərfon” və “Bakcell” şirkətlərinin birləşdiyi barədə məlumat verən Xural.com saytının yazdığına görə, onsuz da inhisarçılığın at oynatdığı bu biznesə iş adamı Nəsib Həsənov nəzarət edir. Təkcə bu iki operator deyil, hətta “Azərcell”in səhmlərinə nəzarət paketinin də ona veriləcəyi iddia olunur. Bildirilir ki, hər zaman kölgədə qalmağa çalışan və geniş ictimaiyyətin demək olar, tanımadığı bu şəxs sözügedən iki şirkəti birləşdirməklə, monopoliyanın daha da gücləndirilməsinə xidmət edir. Qeyd olunur ki, N.Həsənov əvvəl CRA, indi isə CDP adı alan böyük bir biznes imperiyasının başında durur. Bu imperiyaya isə mobil operatorlarla yanaşı, “Normsement”, “Nobeloil” və hətta “Xalqbank” da daxildir. Həmçinin deyilir ki, şirkətin adının dəyişdirilməsi və bir neçə il əvvəl yenidən qurulması N.Həsənovun övladı barədə mətbuatda gedən yazılarla bağlıdır…

Ancaq məsələnin ən önəmli tərəfi şirkətin adı yox, iki mobil operatorun birləşdirilməsi səbəbləri və bunun rəqabət mühitinə göstərdiyi mənfi təsirdir. Bildirilir ki, hazırda faktiki olaraq, bu iki mobil operator bir mərkəzdən idarə olunur. Ancaq nədənsə bununla bağlı sözügedən şirkətlər tərəfindən yayımlanan hər hansı geniş və müfəssəl məlumata rast gəlinmir. Əslində, iş prinsipləri sarıdan heç bir fərqi olmayan bu iki və hətta hər üç şirkətin birləşib-birləşməməsinin artıq elə bir önəmi qalmır. Məlumata görə, birləşmənin məqsədi ixtisarlar aparılması və idarəetmə xərclərinin azaldılmasıdır. Belə nəticə çıxarmaq olar ki, hətta bu fantastik dərəcədə soyğunçu qiymətlərlə belə, sözügedən şirkətlərin qazancı onların sahiblərini qane etmir. Ya da ki, başqa bir ehtimala görə, sözügedən operatorların xərclərində hansısa şişirtmələrə yol verilməsi və digər səbəblər vardır ki, nəticədə onların birləşdirilməsi və xərclərin azaldılmasına ehtiyac yaranıb. Səbəbin nə olmasından asılı olmayaraq, bu birləşmə və yeni inhisarçı “monstr”ın yaranması hər birimizin aid olduğu müştəri kontingentinə yaxşı heç nə vəd etmir. Görün vəziyyət nə yerə çatıb ki, çoxsaylı şikayətlərə baxmayaraq, hər üç operatorun mobil danışıq və internet üçün tətbiq etdiyi soyğunçu qiymətlər bir tərəfə, abunəçilərin balansından müxtəlif adlarla vəsaitlərin silinməsi ənənəsinə də son qoyulmur ki, qoyulmur. Bu operatorlar provayder adı altında fəaliyyət göstərən müəmmalı şirkətlərlə “əməkdaşlıq” edir. Həmin şirkətlərin isə əsas qazanc mənbəyi abunəçilərə lazımsız video, musiqi parçaları, bürclər və digər məlumatları sırımaqdır. Abunəçiyə qısa nömrələrdən zəng, yaxud mesaj göndərilir, o da çaşıb bunlardan birini qəbul etdisə, necə deyərlər, uçdu paralar. Müştəri bununla da “sayğaca otuzdurulur” və balansdan gündəlik olaraq müəyyən məbləğ silinməyə başlayır. Bunun qarşısını almaq üçün isə müştəri operatorun xidmət mərkəzinə yaxınlaşmalı, saatlarla növbədə durmalı, əsəb və vaxt sərf etməlidir. Bugün hansı operatorun xidmət mərkəzinə yaxınlaşsanız, gün ərzində minlərlə müştərinin bu özbaşınalıqla bağlı şikayət etdiyini görərsiniz.

Provayder adı ilə müştəriləri soyan şirkətlər…
“AzPolitika.info”nun apardığı araşdırma sonunda bəlli oldu ki, operatorların “quyruğuna” və abunəçilərin qəniminə çevrilən bu provayderlərin hər müştəridən çırpışdırdığı gündəlik vəsait 59 qəpikdən başlayır. Mobil operatorların özlərinin yaydığı məlumata görə isə “Azərcell”in 4.5 milyon, “Bakcell”in 3.6 milyon, “Nar”ın 2 milyondan artıq abunəçisi var ki, bu da ümumilikdə 10 milyon müştəri deməkdir. Ən aşağı hesablamalarla 10 nəfərdən birinin bu fırıldağın toruna düşdüyünü təxmin etsək, bu, gündəlik 1 milyona yaxın nömrədən vəsait silinməsi deməkdir. Bunu da 59 qəpiyə vursaq, gündəlik 500 min, aylıq 15 milyon manata yaxın vəsaitdən söhbət gedir. Hara, kimlərin cibinə gedir bu vəsait? Və həmin şirkətlərin Nəsib Həsənovun icazəsi olmadan bu cür “fəaliyyəti” mümkündürmü? Fikrimizcə yox. Əksinə, ortadakı külli miqdarda vəsaitin bu provayderlərin vasitəsilə əslində mobil operatorların kassasına axması daha inandırıcı görünür.

Ən maraqlı məqamlardan biri də sözügedən vəsaitdən vergi tutumu məsələsidir. Ümumiyyətlə, bu yolla əldə olunan vəsaiti izləmək və ona vergi tətbiq etmək nə dərəcədə mümkündür? Bir sözlə, ilk baxışdan qəpik-quruş təsəvvürü yaratsa da, əslində on milyonların havada uçuşduğu bu “biznesdə” qaranlıq məqamlar olduqca çoxdur …

Biz, sözügedən şirkətlərin siyahısını əldə edə bilmişik, buyurun, operatorlarla əlbir olub, balansınıza qənim kəsilənləri siz də tanıyın:

Stream Proactive
Novamedia (FRBT service)
Navigator (NMS)
Infostrim
Babylonia
AS SERVICE GROUP
DSC
Innovat
Intellic
MLab
Mobile Solutions and Marketing Technologies LLC
MobirMarko
MSM
RMS
RSG
Simtoday
SMARTY LLC
TMG LLC
Ventura Tech
Vialink
Voida

Onu da qeyd edək ki, bu siyahıda ilk beşliyə daxil olanlar xüsusi “fərasəti” ilə seçilir və mobil operatorlar məhz bu şirkətlərin vasitəsilə abunəçilərin vəsaitlərini tozsovuran kimi sovurmaqdadırlar. Göründüyü kimi, inhisarçılığın yaratdığı ən böyük bəlalar müftəxorluq və cəzasızlıq mühitidir ki, bu da hazır mobil rabitə sektorunda hökm sürməkdədir.

Böyük biznes imperiyası olan şəxsi “gördüm” deyən tapılmır

Qayıdaq N.Həsənovun personasına. Göründüyü kimi, bu adamın mobil rabitə bazarı ilə yanaşı, neft və sement biznesində və hətta bank sektorunda əhəmiyyətli payı var. Bununla yanaşı, ona məxsus olduğu deyilən CRA Qrupun Pirallahı rayonunda çox böyük bir əczaçılıq kompleksi tikdirdiyi barədə məlumatlar var. Azərbaycanda çoxumuzun tanımadığı və kölgədə qalan bir şəxsin belə şaxələnmiş iri biznes imperiyası qurmasının böyük uğur olduğunu desək, bu, çox sadə səslənər…

Əslində, əhalinin çox böyük qisminə ximət edən mobil operatorlar şəffaflıq və hesabatlılıq baxımından nümunə olmalıdırlar. Ancaq bu şirkətlərə başçılıq etdiyi bildirilən N.Həsənovu nə ictimaiyyət qarşısına çıxan, nə də hesabat verən görmüşük. Görəsən, kənardan görünüşdə ən uğurlu iş adamlarından biri olan bu şəxsin kölgəyə çəkilməsinin səbəbi nədir?

Məsələn, qardaş Türkiyədə iri iş adamları hər yeni layihəni özləri təqdim və hətta reklam edirlər. Çünki gizlədəsi bir şeyləri yoxdur, əksinə, uğurları ilə fəxr edir və bölüşürlər. Ancaq N.Həsənovun nəinki hansısa layihəni təqdim etməsinin şahidi olmuşuq, əksinə, Azərbaycanda “onu gördüm” deyənə rast gəlmək müşkül məsələdir. Yalnız o məlumdur ki, cənab Həsənov əslən Sədərək rayonundandır. Elə bu gizlinliyin nəticəsidir ki, Azərbaycanda mobil rabitə də daxil olmaqla, hələ də bir çox sahələrdə inhisarçılıq at oynadır və kimlərsə bundan milyonlar qazanır…
Realliqinfo.org

  • 14.05.2018, 14:52, Oxunub: 2 807
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar