Bayıl yenə sürüşdü, sakinlər təşviş içində - REPORTAJ, FOTOLAR


Bayıl yenə sürüşdü, sakinlər təşviş içində - REPORTAJ, FOTOLAR
Qəzalı vəziyyətdə olan evlərlə bağlı qərar verilməlidir; rəsmilər deyir ki...
Bayıl yamacında sürüşmə zonasında yaşayan sakinlərin taleyi həll olmamış, qəsəbə ərazisində növbəti sürüşmə hadisəsi baş verib. Nəticədə bu dəfə Bayıl qəsəbəsinin Buxta küçəsinin sakinləri evsiz qalıblar. Belə ki, mayın 15-də saat 20-00 radələrində Səbayel rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı proseslərin təsiri ilə torpaq sürüşməsi baş verib və bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb.

“Yeni Müsavat”ın əməkdaşı olaraq ərazidə olub, sakinlərin vəziyyəti ilə maraqlandıq. Öyrəndik ki, uçan evlər hələ sovet dönəmində yamacda tikilmiş fərdi yaşayış evləridir. Bu evlərin istismar müddətinin başa çatdığı söylənildi. Müşahidə etdik ki, ərazidəki evlər bir-birinə çox yaxın məsafədə tikilib. Bu evlərin hamısı yamacda yerləşir və uçma təhlükəsi yüksəkdir.

Uçan evlər Nizami Rəhimov və Nağı Həsənovun evləridir. Nizami Rəhimovun evinin iki otağı tamamilə uçub. Nağı Həsənovun isə iki mərtəbəli evi uçaraq, yararsız hala düşüb. Biz ərazidə olduğumuz zaman kommunal xidmətlərin əməkdaşları ərazidəki xətlərə baxış keçirib, lazımi tədbirləri görürdülər. Öyrəndik ki, ərazidə çökmə hadisəsindən sonra bütün kommunal xidmətlərin verilişi dayandırılıb. Bu hal isə digər sakinlərin narazılığına səbəb olub. Sakinlər bildirdilər ki, əgər sürüşmə baş verirsə, həmin evlərin kommunal xətlərini kəssinlər.
Bayıl yenə sürüşdü, sakinlər təşviş içində - REPORTAJ, FOTOLAR
Sakin Surə Hüseynova aşağıdakıları bildirdi: “Dünən axşam saatlarından etibarən bütün kommunal xətləri kəsdilər. Mənim övladım sabah imtahan verməlidir. Bu cür stressin altında necə hazırlaşsın? Səhər icra nümayəndələri əraziyə gəlib, bizə dedilər ki, evlərinizi tərk edin. Burada qalmaq təhlükəlidir. Soruşduq ki, tərk edib hara gedək? Bizə dedilər ki, yığışın gedin məktəbdə qalın. Bu qədər camaat yayın günündə məktəb binasında necə qalsın? Xahiş edirik ki, bizim vəziyyətimizlə bağlı düzgün qərar versinlər”.

Sakinlər hesab edirlər ki, sürüşmənin səbəbi aşağı məhəllədə yaşayanların köçürülməsidir: “Buranın tamamilə köçürülməsi nəzərdə tutulurdu. Abid Şərifovun vaxtında aşağı məhəllə köçürüldü, biz qaldıq burada. İndi də aşağıdakı evləri söküblər, ağırlıq olub yuxarıdakı evlər də uçub. Bizi buraxıblar Allahın ümidinə. Abid Şərifovun yerinə Hacıbala Abutalıbov təyin olunub. Hələ Hacıbala Abutalıbovdan heç bir xəbər yoxdur”.

Hacıbala Abutalıbovdan xəbər çıxmasa da Səbayel rayon icra başçısı Eldar Əzizov əraziyə gəlib, sakinlərlə görüşüb. O bildirib ki, ərazidə qanunsuz tikili yoxdur: “Burada özbaşına tikili yoxdur, evlərin sənədləri var. İlkin ehtimala görə, evlərin resursu bitib. Bir bina bir ildir qəzalı vəziyyətə düşdüyü üçün Nazirlər Kabinetinin qərarı ilə sakinləri köçürülüb, onlar kompensasiya alıb”.

İcra başçısı qeyd edib ki, dağılan, təhlükəli ərazidəki evlərlə bağlı Nazirlər Kabineti tərəfindən qiymətləndirmə aparılaraq müvafiq qərar qəbul ediləcək: “Bir il bundan öncə biz yazdıq və Nazirlər Kabinetinin qərarı ilə vətəndaşlar normal qaydada köçürüldü. Onlar kompensasiya da aldılar. İndi yeni bir problem gündəliyə çıxıb və buna da baxılır. Buradakı ailələrin sayı çoxdur. Ancaq burada bizim hesablamalarımıza görə, təxminən 10-15 ailə yaşayır. Bunu mən yox, mütəxəssislər müəyyən etməlidirlər. Binaların hamısı sovet dövründən tikilib və rəsmi balansdadır. Biz bu məsələni müzakirə etməliyik. İlkin fikrimizə görə, evlərin istismar müddəti başa çatdığı üçün uçub”.
Bayıl yenə sürüşdü, sakinlər təşviş içində - REPORTAJ, FOTOLAR
Ərazidə xeyli sayda ev yararsız vəziyyətdədir. Onlardan bir neçəsində olub, vəziyyətləri ilə maraqlandıq. İsgəndərovlar ailəsində olduğumuz zaman müşahidə etdik ki, onların da evi hər an uça bilər. Evin binalarında olan nəmişlik səbəbindən bütün divar kağızları qopub, döşəmə yararsız vəziyyətdədir: “Evi təmir də edə bilmirik. Təmir işini görürük, bir ay sonra divarlar nəmişlik çəkdiyi üçün kağızlar, boyalar qopur tökülür. Nəmişlik əlindən ailəmizin üzvlərində xəstəliklər yaranıb. Burada yaşamaq çox çətindir. Başqa da gedəcək yerimiz yoxdur. Ərazidə kanalizasiya xətləri də sıradan çıxıb. Ona görə torpağın altında sızmalar baş verir. Bütün bu sızmalar, yağış sularının hamısı gəlir, aşağıdakı evlərə dolur. İmkanı olan evinin ikinci mərtəbəsini tikib, orada yaşayır. İmkanı olmayanlar da nəmişlik içərisində qalıb. Bu evlərin əksəriyyətində iri çatlar var və onlar hər an uça bilər. Ona görə də xahiş edirik ki, bizim də vəziyyətimizlə maraqlansınlar”.

Biz də müşahidə etdik ki, əksər evlərin divarlarında çatlar var. Uçan evlərin yaxınlığında müşahidə etdik ki, ərazidə natəmizlik də hökm sürür. Sakinlər hər gün evlərinə çox təhlükəli, yarıuçmuş vəziyyətdə olan pilləkənlərdən düşərək gedirlər. Bu pilləkənlərdən hər gün uşaqlar, yaşlılar, qocalar istifadə etmək məcburiyyətində qalırlar. Sakinlər bildirdilər ki, illərdir burada heç bir təmir işləri aparılmır: “Yollar yararsız, pilləkənlər isə yarıuçmuş vəziyyətdədir. Hər günümüz təhlükə içindədir”.

Mövcud vəziyyətlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də fikir aldıq. Öncə onu qeyd edək ki, nazirliyin əməkdaşları ərazidə işlər aparırlar. Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov “Yeni Müsavat”a bildirdi ki, ərazidə vəziyyət təhlükəlidir: “Buxta küçəsi 9-da hələ sovet dövründə yamac terrasvari kəsilib və yamacda evlər tikilib. Evlərdən təxminən 200 metr qərbdə - Badamdar istiqamətində müəyyən ekzogen proseslər müşahidə edilirdi. Yamacın terrasvari kəsilməsi, yamacda evlərin inşa olunması, əraziyə suvarma və çirkab sularının axıdılması ekzogen prosesin baş verməsinə səbəb olub. Nəticədə bu cür hadisə baş verib”.

Əli RAİS,
“Yeni Müsavat”,
Fotolar müəllifindir

  • 17.05.2018, 11:27, Oxunub: 644
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar