Qüds müsəlman dünyasında niyə birlik yarada bilmədi?


Qüds müsəlman dünyasında niyə birlik yarada bilmədi?
Siyasilər bir neçə səbəb gətirir...
Mayın 14-də Amerikanın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsinə müsəlman dünyasının və Azərbaycanın sərgilədiyi mövqe müzakirələr doğurub. Ötən ilin dekabrında Ağ Evin sahibi Donald Trampın səfirliyin köçürülməsi ilə bağlı qərarına İslam Əməkdaşlıq Təşkilatı səviyyəsində sərt reaksiya verən müsəlman dövlətləri Türkiyə, qismən də İran istisna olmaqla, hələ ki susqun mövqe nümayiş etdirirlər.

VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı bildirdi ki, Qüds İslam dünyası ilə Avropa arasında min illik münaqişənin gəzdiyi bir nöqtədir: “Bu nöqtəyə daim Avropa can atıb. Qüds artıq namus, qeyrət məsələsinə çevrilib. Bura təkcə yəhudilərin paytaxtı deyil, həm də islam və xristian dinlərinin başlanğıc nöqtəsidir. Qüdsü dinlərin birlik, qardaşlıq, dialoq mərkəzinə çevirmək olardı. Təəssüf ki, insanlıq cahillik ucbatından min ildir Qüdsü qan çanağına çevirib. ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə məncə, İslam dünyası barışmayacaq. Bu gün Qərb dünyası, yəhudilər güclüdür, onun üçün belə addımlar atır. Səhəri gün bu güclər zəifləyən kimi İslam aləmi ora sahiblənəcək. İslam dünyasında təəssüf edirəm ki, hazırda birlik yoxdur. Nəticədə gücün qarşısında dayana bilmirlər. Amerika bir-birinin ardınca müsəlman ölkələrini ya sıradan çıxarır, ya da buna cəhdlər edir. Dünyada ən eybəcər, təhlükəli silahlara sahiblənmiş Avropa məzlum ölkələri silahlanmada ittiham edir, demokratiya pərdəsi adı altında müsəlman dövlətlərini sıradan çıxarır. Bu ağlasığmaz riyakarlıqdır. İslam dünyası buna bütövlüklə reaksiya verməlidir.

Azərbaycan burada heç bir şey edə bilməz. İsraillə münasibətlərimiz ən yüksək səviyyədədir. Ölkəmizdə yəhudi icması ən yüksək səviyyədə yaşayır. Amerikanın da bu icma ilə xoş münasibətləri var. Bir çox ərəb ölkələrindən İsrail bizə daha yaxındır, ölkəmizə daha çox yardım edir. Lakin bir yerdə ki, günahsız, məzlum insanların qanı tökülür, o yerdə dövlətlərarası münasibətlər yaddan çıxır, insanlığın səsi ucalır. Qüdsdə baş verənlər insanlıq faciəsidir. Azərbaycan o məzlumların haqqını müdafiə etməlidir”.

AĞ Partiya başqanı Tural Abbaslı: “Neçənci dəfədir ki, İsrail qeyri adekvat güc tətbiq edərək günahsız, dinc etirazçıları qanına qəltan edir və qətliam törədir. Təəssüf olsun ki, özünü dünyanın ərköyün övladı kimi apararaq istədiyi zaman Fələstin xalqına qarşı cinayət törədən İsrailə dünya lazımı təpkini göstərmir. Dünyanın bir çox ölkələrinin bu məsələdə susqunluğunu İslam düşmənçiliyi ilə anlamaq olarsa belə, islam ölkələrinin buradakı susqunluğu qətiyyən anlaşılan deyil. Azərbaycanın da İslam ölkəsi olmasını nəzərə alsaq ölkəmizin də bu qətliama reaksiyasını adekvat qəbul etmirəm. Xocalı kimi qətliama məruz qalmış bir xalq kimi ilk səsini ucaldan bəlkə də biz olmalı idik. Ancaq, nə iqtidarımız, nə müxalifətimiz, nə də digər təşkilatlar lazimi reaksiyanı vermədi. Ən azından insan haqları və mənəvi tərəfdən təpkilər olmalı idi. Bu susqunluğun səbəbini ölkələrin və partiyaların İsraildən və yəhudi lobbi təşkilatlarından çəkinməsində görürəm. Hələ nəzərə alandakı bu aktın səbəbkarı və ilhamvericisi ABŞ kimi supergücdür, o zaman bu səssizliyin səbəbi tam aydın olur. Düşünürük ki, insan həyatı bütün siyasi, iqtisadi və digər maraqlardan üstündür”.

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev ABŞ-ın bu addımı atarkən dövlətlərin reaksiyalarını hesabladığını bildirdi: “Ərəb dünyasında birliyin olmaması yeni məsələ deyil. 10 illərdir ki, adi məsələlərdə birgə mövqe ortaya qoya bilmirlər. Nəyisə qərara alsalar belə onun həyata keçirilməsində şəxsi maraqları çərçivəsindən çıxış ediblər. Son illərdə regionda baş verən hakimiyyət dəyişmələri, daxili savaş səbəbindən bu dövlətlərin arasında uzaqlaşma daha da artıb, müqavimət gücləri isə azalıb. Öncədən də bəlli idi ki, prosesə nə dərəcədə təsir etməsindən asılı olmayaraq Qüds məsələsində İran və Türkiyə kəskin mövqe ortaya qoyacaq və qoydu da. Üzücü tərəfi isə odur ki, iki hər iki dövlət ərəb dövləti deyil. Ərəb dövlətləri isə növbətçi bəyanatlar verməklə kifayətləndilər. Məncəi, ABŞ bu addımı atarkən dövlətlərdən ola biləcək reaksiyaları təxmin etmişdi. Amma yanlışlıq ondadır ki, dövlətlər qorxsa da, çəkinsələr də, onların insanları, orada olan leqal və qeyri leqal təşkilatlar bu məsələnin üzərinə gedəcəklər və təəssüf ki, qanlı hadisələrin olacağı hələ qabaqdadır. Azərbaycanın bu məsələdə mövqeyinə gəlincə isə, hesab edirəm hadisəyə mövqe bildirməli və yaşanan hadisəni Yaxın Şərqdə, xüsusilə Fələstin məsələsində sülhün yaranmasına qarşı olan bir hadisə kimi qiymətləndirməlidir.

İndiyədək ABŞ-ın Fələstin-İsrail probleminin həllində əsas vasitəçi olduğunu qeyd edərək bu addımın vasitəçi kimi ABŞ-ın missiyasına birmənalı inamsızlıq yaratdığını bildirməlidir. Yəni biz məsələyə sırf dini nöqteyi-nəzərdən yanaşıb populist və çeynənmiş bəyanatlar verməklə yox, insani dəyərlərini nəzərə alaraq, qan tökülməsinin qarşısını alan və nəhayət, regionda sülhə gətirib çıxaracaq addımların atılmasına çağırmalıyıq. Azərbaycanın İsraillə münasibətləri çox yaxşıdır və əlaqələri də genişdir. Bu isə bizə mövqe ortaya qoymağa mane olmamalıdır. Trampın bu qərarı verməkdə hansısa planları və ya xeyri varsa , eyni şeyi İsraillə bağlı deyə bilmərik. Bu məsələ İsrailin özünə ziyandır. Ən azından Qüds məsələsinə qədər olan vəziyyət daha da ağırlaşacaq və hər iki tərəfdən insanların həyatı mütəmadi təhlükədə olacaq, stol arxasında danışıqlar aparmaq çətinləşəcək. Bu problemləri isə ABŞ yaşamayacaq , İsraillə Fələstin xalqı yaşayacaq”.

Cavanşir ABBASLI,

  • 19.05.2018, 09:16, Oxunub: 581
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar