Vətəndaş “İnvestA” MMC – nin özbaşınalığından Prezidentə müraciət edib: Məhkəmələr dələduzluğa hüquqi don geyindirməyə çalışır


Vətəndaş “İnvestA” MMC – nin özbaşınalığından Prezidentə müraciət edib: Məhkəmələr dələduzluğa hüquqi don geyindirməyə çalışır
Bir müddət öncə, Realliq.info saytına daxil olan məlumatda bildirilirdi ki, Abşeron rayonu, Masazır qəsəbəsi, “Park Solero” yaşayış kompleksində ipoteka şərtləri ilə ev alan vətəndaşlar, tikintini aparan və kompleksdə evlərin satışını təşkil edən şəxslər tərəfindən aldadılıb.
Bundan sonra apardığımız araşdırmalardan aydın oldu ki, bir neçə il öncə “İnvestA” MMC rəhbərliyi tərəfindən salınan “Park Solero” yaşayış kompleksində 250 ev tikilib. Bu evlərin tikintisi zamanı vətəndaşlar – alıcılar işbazlar tərəfindən aldadılıb. Bununla yanaşı tikintini aparan şəxslərin kimliyinə də aydınlıq gəlib. Realliq.info – nun araşdırmalarından məlum olub ki, “Park Solero” yaşayış kompleksini Namiq və Natiq Quliyev qardaşları yaradıblar. Onlar Abşeron icra hakimiyyətinin sərəncamı əsasında tikinti aparmış, lakin təsdiq olunmuş eskiz layihəni saxtalaşdırmışlar. Bununla yanaşı vətəndaşlara ipoteka şərtləri ilə satılmış evlərin ölçüləri müqavilədə göstəriləndən kiçik həcmdədir. Vətəndaşları hər evə görə 44 kv. metr aldadan Namiq və Natiq Quliyev qardaşları dövlətin küllü-miqdarda vergisini mənimsəyiblər.


Saytın araşdırmaları zamanı diqqət çəkən məqam bu şəxslərin ipoteka şərtlərini “Bank Respublika” ilə razılaşdırmaları olub. Məlum olur ki, “Bank Respublika”ya rəhbərliyi bu qardaşlar edir. Bununla sənədləri saxtalaşdıran Namiq və Natiq Quliyevlər 250 – yə yaxın vətəndaşın hüquqlarını kobud şəkildə pozublar.
Vətəndaş “İnvestA” MMC – nin özbaşınalığından Prezidentə müraciət edib: Məhkəmələr dələduzluğa hüquqi don geyindirməyə çalışır
Qardaşların rəhbərlik etdiyi “İnvestA”MMC ilə “Bank Respublika”-nın şərikli oyununun qurbanına çevrilən vətəndaşların etirazları artmaqdadır. Lakin tikintini aparan şirkətin rəhbərliyi Namiq və Natiq Quliyev qardaşlarının haqlı etirazlara məhəl qoymaması narahatçılıq yaratmaqdadır. Onlar yaşayış kompleksində evlərin tikintisinin vətəndaşlar tərəfindən aparıldığını bildirir və bu yolla məsuliyyətdən yayınmaq istəyirlər. Qardaşların adına verilən sərəncam və evlərin vətəndaşlara satıldığı zamanı bağlanan müqavilərlər onların yalanını üzə çıxarır. Bütün sənədlərin “İnvestA”MMC – yə məxsus olması və tikintini aparan şəxslərin Namiq və Natiq qardaşlarının olması danılmaz faktdır.
Dövlətin milyonlarla vergisini mənimsəyən, vətəndaşları hər evə görə 44 kv. metr aldadan, lakin sənədləri saxtalaşdıran bu şəxslərin qanunsuz əməllərinə biganə münasibət davam edir.


Vətəndaşların məhkəmələrə üz tutub hüquqlarını bərpa etmək üçün qaldırdıqları iddialar ali orqan tərəfindən doğru araşdırılmadan qərarlar qəbul olunur. Belə olan halda çarəsiz vətəndaşların ölkənin aidiyyatı qurumlarına müraciətləri artıb. Hazırda Sumqayıt Apellyasiya məhkəməsində davam edən prosesdə, “İnvestA” MMC rəhbərliyi tərəfindən aldadılan vətəndaş Abbasov Zaur Ədalət oğlunun apellyasiya şikayətinə baxılır. Məhkəmədə iştirak edən Realliq.info – nun əməkdaşı maraqlı mənzərə ilə üzləşib. Belə ki, məhkəmə prosesinə sədrlik edən hakim Səyyad Qafari rəsmi sənədləri nəzərə almaqdan və işə sübutlar kimi əlavə etməkdən imtina edib. O, Natiq və Namiq Quliyev qardaşlarının müdafiəçisi kimi çıxış etməkdən belə çəkinməyib və onun bitərəfli mövqeyi məhkəmə prosesi zamanı narazılıqlara səbəb olub. Bundan sonra iddiaçı Abbasov Zaur Prezidentə, və Məhkəmə Hüquq Şurasına müraciət ünvanlayıb. Həmin müraciəti diqqətinizə çatdırırıq:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Surəti: Məhkəmə Hüquq Şurasına


Cavabdeh “İnvestA” MMC (VÖEN: 1301329701), müstəqil tələb irəli sürməyən 3-cü şəxs: “Bank Respublika" ASC, müstəqil tələb irəli sürməyən 3-cü şəxs: "Kommunal Serviz" MMC-nə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Park Solero evlər kompleksində “İnvestA” MMC tərəfindən inşa edilmiş fərdi yaşayış evinin ekspertiza ilə müəyyən edilmiş faktiki sahəsi ilə 187.4 kv.m. sahə arasındakı fərqin hər 1 kv.m. 550 manata vurulmaqla müəyyən edilən məbləğ “İnvestA” MMC-dən alınaraq, iddiaçıya ödənilmə, 2-ci vəsatətdə göstərilən ekspertiza ilə müəyyən edilən məbləğ “İnvestA” MMC-dən alınaraq, iddiaçıya ödənilməsi, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Park Solero evlər kompleksində “İnvestA” MMC tərəfindən inşa edilmiş və istifadəmdə olan mənzilinə quraşdırılmış su, qaz, elektrik enerjisi sayğaclarını sərfiyyatı əhali üçün nəzərdə tutulmuş tariflərə vurulmaqla alınan məbləğlə həmin sərfiyyatın hüquqi şəxslər üçün nəzərdə tutulmuş tariflərə vurulmasından alınan fərqin məbləği “İnvestA” MMC-dən alınaraq, iddiaçıya ödənilməsi, Mülkiyyətimdə olan 0.0313 ha torpaq sahəsinin zəbt edilmiş hissəsinin sahəsi dəqiq müəyyən edildikdən sonra həmin hissənin cavabdehdən alınaraq mənə ödənilməsi, mənəvi zərərin əvəzi kimi 15 000 manat “İnvestA” MMC-dən alınaraq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişəm.

Abşeron rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim Sevinc xanım Quliyeva) iddia tələbim təmin edilməmişdir.
Belə ki, həmin mülki işə baxılarkən hakim tərəfindən cavabdehin maraqlarını təmin etməkdən ötrü verdiyimiz vəsatətlərin heç birisi təmin edilməmişdir. Hətta evimin tikintisinin başqa fiziki şəxs tərəfindən aparılmasını müəyyən etmiş, lakin həmin şəxsi iş üzrə tərəf kimi cəlb etməmişdir.
Bundan başqa məhkəmə iclasında “İnvestA” MMC tərəfindən dövlət büdcəsinə ödənilməli olan milyonlarla vergidən yayınma faktı açıq-aydın sübuta yetirilsə də, hakim buna səthi yanaşmıv və bu barədə heç bir tədbir görməmişdir.

“İnvestA” MMC özünü məsuliyyət yaradan əməllərdən süni surətdə kənarlaşdırmaq üçün guya, həmin evlərin tikintisinə aidiyyatı olmaması görüntüsü yaratmağa cəhd etmiş və məhkəmə tərəfindən isə buna şərait yaradılmışdır.
Bunu da qeyd edim ki, məhkəmə cavabdehin maraqlarını təmin etməkdən ötrü, hətta iş üzrə müəyyən olunmayan hallara belə istinad etmişdir.
Ən əsas məsələ isə bundan ibarətdir ki, layihə sənədləri və sərəncamın öz adına olması, 50 000 kvadrat metrdən ibarət-250 fərdi yaşayış evini “İnvestA” MMC inşa edir, "Bank Respublika" ASC ilə əlbir olaraq həmin evləri banka girov qoyub pulları götürür və həmin torpaq səhələrini fiziki şəxslərin adına formal alqı-satqı edərək və torpağın onun adına olmaması və tikintinin fiziki şəxslər tərəfindən aparılması görüntüsünü yaradaraq, Dövlət büdcəsinə 3 000 000 (üç milyon) manat ödənilməli olan verginin ödənilməsindən yayınmışdır. Lakin, məhkəmə tərəfindən buna əhəmiyyət verilmir.

Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən torpağın zəbt edilməsi ilə bağlı ekspertiza təyin edilmiş və ekspert rəyi ilə mənim torpaq sahəmin zəbt olunması müəyyən edilmişdir. Lakin, hakim heç bir əsas olmadan torpaq sahəmin yola düşməsini müəyyən edərək, cavabdeh tərəfindən torpağımın zəbt olunmamasını qeyd etmişdir. Halbuki, cavabdehin nümayəndəsi həmin yolun cavabdeh tərəfindən çəkilməsini etiraf etmişdir.

Hörmətli Cənab Prezident!
Abşeron rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişəm və həmin mülki iş hakim Səyyad Qafarinin icraatındadır.
Hakim Səyyad Qafari də öz növbəsində tərəfimdən verilən əsaslı vəsatətləri təmin etmir və təqdim etdiyim sübutları əsassız və saxta adlandırır.
Belə ki, vəkil sorğusuna cavab olaraq Abşeron rayon İcra Hakimiyyəti bildimişdir ki, mübahisə olunan torpaq sahəsi “İnvestA” MMC-ə məxsus olmaqla, bütün tikililər onun tərəfindən aparılmışdır. Həmin arayışı məhkəməyə təqdim etdim, hakim Səyyad Qafari isə mənə bildirdi ki, arayış saxtadır. Yəni, cavabdehin maraqlarına görə, heç bir araşdırma aparmadan tərəfimdən təqdim olunan sübutları qəbul etmir və saxta adlandırır.
Bunu da qeyd edim ki, ekspertizanın təyin olunması barədə vəsatətim də heç bir əsas olmadan təmin edilməmişdir. Halbuki, eyni əsasla başqa bir işlə bağlı ekspertiza təyin etmişdir.
Göründüyü kimi məhkəmələr cavabdehin maraqlarına görə, ədalət mühakiməsinin həyata keçirilməsindən və məhkəmə müdafiəsi hüququndan faktiki olaraq imtina edirlər.
Sizdən xahiş edirəm ki, qeyd olunan mülki işə qanuni və obyektiv baxılmasının təmin olunmasından mənə kömək edəsiniz.
Sizə öncədən təşəkkür edirəm.”

Mövzuya qayıdacağıq.
Realliq.info


  • 11.06.2018, 13:25, Oxunub: 26 026
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Xəbər lenti
    Bütün xəbərlər →
    Saygaclar