Sağlam Təhsil-Sağlam Millət” layihəsi hansı qruplarda tətbiq ediləcək


Sağlam Təhsil-Sağlam Millət” layihəsi hansı qruplarda tətbiq ediləcək


Təhsil naziri Ceyhun Bayramov 2018-2019-cu tədris ilində “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin məktəbəhazırlıq qruplarına tətbiqi barədə əmr imzalayıb.



APA-nın xəbərinə görə, əmrə əsasən, Bakı və Sumqayıt şəhərlərinin “Sağlam Təhsil-Sağlam Millət” layihəsi tətbiq edilən ümumtəhsil müəssisələrində 2018-2019-cu tədris ilində layihə çərçivəsində məktəbəhazırlıq qruplarına qəbul həyata keçiriləcək.



Əmrdə Təhsilin inkişafı proqramları şöbəsinə, Ümumi və məktəbəqədər təhsil şöbəsinə və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tapşırılıb ki, aidiyyəti təhsil müəssisələrində məktəbəhazırlıq qrupları komplektləşdirilərkən sinif otaqlarında hər bir şagirdin normativlərdə nəzərdə tutulan ölçüdə sahə ilə təmin olunması gözlənilsin.



Habelə sağlam təhsil texnologiyalarının tətbiq olunduğu məktəbəhazırlıq qruplarının müəllimlərinin təlim məşğələlərinə və digər maarifləndirmə tədbirlərinə cəlbi üçün ümumi təşkilatı işlər həyata keçirilsin.



Əmrdə qeyd olunub ki, 2014-2015-ci ilin tədris ilindən etibarən Bakı və Sumqayıt şəhərlərinin 6 tam orta məktəbinin 15 birinci sinfində təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məqsədi ilə “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin tətbiqinə başlanılıb. 2015-2016-cı tədris ilindən etibarən pilot layihə 34 məktəbin 67 sinfində, 2016-2017-ci tədris ilində 34 məktəbin 116 sinfində, 2017-2018-ci tədris ilində isə 38 məktəbin 168 sinfində tətbiq edilməkdədir. Layihənin məktəbəhazırlıq qruplarına tətbiqinə dair Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Tibb Universitetinin rəylərinə əsasən, 5 yaşlı uşaqların diqqət, yaddaş, təfəkkürünün inkişafına kömək edən məktəbəhazırlıq mərhələsinin layihənin standartları əsasında təşkili uşaqlarda tədrisə marağı artıracaq və əqli yorğunluğu aradan qaldırmağa şərait yaradacaq.

  • 19.07.2018, 16:14, Oxunub: 2 632
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar