Məktəb bazarlığı: yarmarka ucuzdur, yoxsa mağaza? - Foto


Məktəb bazarlığı: yarmarka ucuzdur, yoxsa mağaza? - Foto
Yeni dərs ilinin başlamasına sayılı günlər qalmış valideynlərin alış-veriş narahatlığını aradan qaldırmaq üçün məktəbli yarmarkaları fəaliyyətə başlayıb. Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtın müxtəlif ərazilərində qurulan satış çadırları 25 sentyabra qədər fəaliyyət göstərəcək.

Axar.az xəbər verir ki, paytaxtın 10-a yaxın rayonunda, “28 May”, “Nəriman Nərimanov”, “Memar Əcəmi”, “Koroğlu”, “İnşaatçılar” metrostansiyalarının çıxışında belə yarmarkalar açılıb. Əslində, bu yarmarkalar yeni dərs ili astanasında süni qiymət artımının qarşısını almaq məqsədilə yaradılıb. Lakin mağazalar, supermarketlər və sözügedən yarmarkalarda apardığımız müşahidələr onu deməyə əsas verir ki, qiymətlər arasında elə də ciddi fərq yoxdur. Bəzi hallarda isə hətta mağaza və marketlər məktəbli ləvazimatlarını yarmarkalardan daha ucuz qiymətə təklif edirlər.

Vərəq sayına görə dəyişən qiymətlər

Yarmarkalarda hər yaşa və sinfə uyğun ləvazimatlar satılır. Satıcıların sözlərinə görə, qiymətlər keyfiyyətə əsasən fərqlənir. Ən çox alınan 40 vərəqli dəftərlər 38-40 qəpik, 60 vərəqli dəftərlər 60-75 qəpik, rəsm albomları isə 1,5-2 manat civarındadır. 12 vərəqli dəftərlər isə 5 qəpikdən başlayır. Üzəri şəkilli 12 vərəqli dəftərlər 7-10 qəpikdir.

Rəngli karandaşlar, flamasterlərin qiyməti isə 1-3 manat arasında dəyişir. Karandaş və qələm qabları 3-7 manatadır.

Məktəblilər üçün su qabları 9-13 manatdır. Qız və oğlan uşaqları üçün fərqli rəngdə və üslubda olmasıyla seçilən belə su qablarının qiyməti materialına əsasən fərqlidir. Qablar dəmir, plastmas və şüşədəndir. Ən baha olanlar dəmir qablardır.

17 manatlıq çantalar

Yarmarkalarda xüsusilə diqqət çəkən bir məktəblinin ən əvəzedilməz əşyası olan çantadır. Yarmarkalarda, demək olar, hər zövqə və hər cibə uyğun çanta tapmaq mümkündür. Hətta satıcılar çantaları siniflərə uyğun olaraq qruplaşdırıblar. Qiymətlər isə çantanın materialına və keyfiyyətinə görə fərqlənir.

Yarmarkada təklif edilən ən ucuz çantaların qiyməti 17 manatdır. Nisbətən bahalıları isə 28-30 manat arasında dəyişir. İbtidai sinif şagirdləri üçün nəzərdə tutulmuş kiçik, ancaq içi geniş olan çantaların qiyməti 20 manatdan başlayır. Yarmarkada, demək olar ki, 30 manatdan baha çanta yoxdur.

Yarmarkadan 10 qəpik daha ucuz

Müşahidələrimiz onu göstərdi ki, xüsusilə dəftər, karandaş və sair ləvazimatlar arasında mağaza və marketlərdəki qiymətlərlə yarmarkalarda müəyyən edilmiş qiymətlər arasında elə də ciddi fərq yoxdur. Məsələn, mağazada 30 qəpiyə olan 40 vərəqli dəftər yarmarkada 40 qəpikdir. 60 vərəqli dəftər yarmarkada 60, mağazada 50 qəpikdir, albom yarmarkada 2 manat, mağazada 70 qəpikdir.

80 manatlıq çantalar

Ancaq məktəbli çantaları yarmarkalarda daha ucuzdur. Mağazalarda çeşid çox olduğuna görə qiymətlər arasında da kəskin fərq var. Yarmarkalarda ən bahası 30 manata təklif edilən çantaların eynisi mağazalarda 35 manatdan aşağı deyil. Mağazada ən bahalı çantanın qiyməti 80-85 manatdır. Satıcılar qiymətin keyfiyyətə görə belə olduğunu bildiriblər. Onların sözlərinə görə, mağazalarda 80 manatlıq çantanın 20-25 manat civarında olan versiyası da var:

“80 manatlıq çantanı bir ildən artıq istifadə etmək mümkündür. Ağırlıq göstəricisi var. Məsələn, əksəriyyəti 8-10 kq-dan artıq yükə dözümlüdür. Ucuzluğa üstünlük verənlər isə ildə iki dəfə çanta almalı olurlar”.
Məktəb bazarlığı: yarmarka ucuzdur, yoxsa mağaza? - Foto

  • 28.08.2018, 13:48, Oxunub: 4 879
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Xəbər lenti
    Bütün xəbərlər →
    Saygaclar