Mendeleyevin dostu, Tağıyevin kürəkəni - Məşhur azərbaycanlı


Mendeleyevin dostu, Tağıyevin kürəkəni - Məşhur azərbaycanlı
Bu gün Azərbaycanın ilk kimyaçı alimi Mövsüm bəy Xanlarovun doğum günüdür.

Realliq.info xatırladır ki, Mövsüm bəy 1857-ci il sentyabrın 24-də Bakıda anadan olub. 1871-ci ildə mədrəsə təhsilini başa vurandan sonra rus dilini öyrənib və Bakıdakı rus realnı gimnaziyasında təhsil almağa başlayıb.

O dövrdə Bakı böyük neft sənayesi mərkəzinə çevrilmişdi. Bütün dünyanın diqqəti bu şəhərdə idi. Bakıya xarici sərmayə ilə birgə Rusiyanın müxtəlif bölgələrindən, həmçinin Azərbaycanın cənubundan ucuz işçi qüvvəsinin axını başlamışdı. Bakıda yaşanan neft bumuna rəğmən, lazımı texnologiyanın, ixtisaslı mütəxəssislərin yoxluğu bu sahədə inkişafı əngəlləyirdi. Belə bir zamanda Azərbaycana neft mühəndisləri hava-su kimi lazım idi.

Bunu görən Mövsüm Xanlarov 1878-ci ildə Avropada təhsil almağa gedir. O, müxtəlif illərdə Almaniyanın Leypsiq, Fransanın Strasburq şəhərlərində təhsil alaraq, biliklərini artırır. Gənc Mövsüm burada dünyanın nüfuzlu alimləri ilə tanış olur və dostluq əlaqələri qurur.

O, 1883-cü ildə, hələ 26 yaşında ikən Strasburq Universitetinin Elmi Şurasında doktorluq dissertasiyasını müdafiə edərək, alimlik dərəcəsi alır. Bu, o dönəmin Azərbaycanı üçün çox əlamətdar bir hadisə idi.

Əldə olunan elmi nəticələr o dərəcədə diqqətəlayiq idi ki, tanınmış rus kimyaçıları D.İ.Mendeleyev, M.A.Menşutkin və D.P.Konovalovun təqdimatı ilə o, Rus Fizika-Kimya Cəmiyyətinə üzv seçildi.

Kimyaçı alimi ölkə sərhədlərindən kənarda da yaxşı tanıyırdılar. Dünya şöhrətli elm adamları onunla fikir mübadiləsi aparırdılar. Mövsüm bəy Xanlarovun D.İ.Mendeleyev, D.P.Konovalov, N.A.Mentuşkin kimi alimlərlə yazışmaları, adı çəkilən elm xadimlərinin azərbaycanlı alimə göndərdikləri məktublar onun hansı elmi səviyyəyə malik olduğunu və hansı səviyyədə qəbul olunduğunu ortaya qoyan faktlardandır.

M.Xanlarov Bakıya qayıtdıqdan sonra xarici ölkələrdə topladığı bilikləri vətəninin inkişafı yolunda sərf etməyə başladı. Alimin təklifi ilə neft və neft məhsullarının, eləcə də Azərbaycanın digər faydalı qazıntılarının tədqiqi üzrə Bakıda laboratoriya yaradıldı. O, sonrakı illərdə də müxtəlif laboratoriyaların açılmasına nail oldu.

Xanlarov 1886-cı ilin martında Dəmiryol komissiyasının sədri vəzifəsinə seçildi və neft məhsullarının daşınması üçün dəmiryol vasitələrinin ayrılması, bölüşdürülməsi məsələlərinə nəzarət etməyə başladı. Burada o mövcud qaydaların Nobel qardaşlarının neft şirkəti tərəfindən kobud şəkildə pozduğunu üzə çıxardı. Məsələ Komissiyanın iclasında müzakirə edildi. Qətiyyətli mövqeyi, dürüstlüyü, vətənpərvərliyi ilə seçilən Mövsüm bəy Nobel qardaşlarının neft şirkətinin maliyyə fırıldaqlarını açıb bəyan etməkdən belə çəkinmədi. Bundan sonra şirkət tərəfindən ona böhtanlar atıldı və M.Xanlarov tutduğu vəzifədən öz istəyi ilə istefa verdi.

O, 1893-cü ilin sonunda erməni rəqibi M.A.Unanova qalib gələrək, Şəhər İşləri üzrə sədr müavini vəzifəsinə seçildi. Alim bu vəzifədə ikən Bakının, şəhər əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılmasına çalışırdı və çox vaxt buna nail olurdu.

Ömrünün son illərində Mövsüm bəy Xanlarovu ən çox sevindirən hadisələrdən biri də Azərbaycan Xalq Cümhuriyyətinin qurulması idi. Görkəmli ziyalı xalqının, ölkəsinin inkişaf edəcəyinə, azad və firavan həyat sürəcəyinə böyük ümidlər bəsləyirdi. Lakin qısa müddətdən sonra Sovet hökuməti quruldu. Bu vaxt Mövsüm bəy yaşlı və xəstə idi. Bolşeviklərin isə belə mütəxəssislərə böyük ehtiyacı var idi. Buna görə də Xanlarov həmin illərdə hədə-qorxu altında işləməli oldu.

Azərbaycan elminin, xalqının inkişafı yolunda yeni bir cığır açmış Mövsüm bəy Xanlarov 1921-ci il fevralın 23-də vəfat etdi. Bundan sonra bolşeviklər onu unutdurmağa, tarixdən silməyə çalışdılar. Deyilənə görə, buna səbəb onun milyonçu Hacı Zeynalabdin Tağıyevin qızı Xanımla evlənməsi idi.

Lakin bütün cəhdlərə baxmayaraq, onun adı və elmə verdiyi töhfə bu gün də sevgi və hörmətlə xatırlanır.
Mendeleyevin dostu, Tağıyevin kürəkəni - Məşhur azərbaycanlı

  • 24.09.2018, 14:45, Oxunub: 1 708
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar