Hər kəs bizimlə tərəfdaş olmaq istəyəcək – Millət vəkili


Hər kəs bizimlə tərəfdaş olmaq istəyəcək – Millət vəkili
Bu, tarixi hadisədir və Azərbaycan xalqının, dövlətçiliyinin çox böyük uğurudur.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib. O bildirib ki, bu hadisə Azərbaycanın dünyada güclü, qüdrətli, intellektual bir dövlət kimi təsdiqinin ifadəsidir:

“Son beş il ərzində orbitə 3 peyk çıxaran Azərbaycan dünyanın kosmik klubunun üzvünə çevrilib və kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Bu, Azərbaycana birinci növbədə kosmos klubunun layiqli üzvü kimi beynəlxalq hörmət gətirir, siyasi cəhətdən Azərbaycanın müstəqilliyinin təminatçısı olur, eyni zamanda Azərbaycanın iqtisadiyyatına da çoxlu dividentlər qazandırır. Biz indiyə qədər intellektual məhsulların alıcısı idiksə, artıq bu məhsulların satıcısına çevrilirik”.

Millət vəkili vurğulayıb ki, kosmik sənayedə əldə edilən uğurlar iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını stimullaşdırır:

“Bu peyk vasitəsi ilə istər internet, istər televiziya rabitəsinin dünyaya satıcılarından birinə çevriləcəyik. Bu da ildə 100 milyonların Azərbaycan büdcəsinə gəlməsi anlamına gəlir. Həmçinin bütün bunlar Azərbaycanın güclü, qüdrətli dövlət kimi dünya ölkələri arasında nüfuzunun artması deməkdir. Eyni zamanda bu Azərbaycanın iqtisadi cəhətdən inkişaf etmiş bir dövlət kimi tərəfdaşlığının daha da güclənməsinə gətirib çıxaracaq. Hər bir dövlət Azərbaycanla iqtisadi əlaqələr qurmaq, strateji əlaqələrini möhkəmləndirmək, tərəfdaş olmaq istəyəcək. Bu mənada bu bizim həm intellektual elmi səviyyəmizin göstəricisi, həm də Azərbaycan dövlətinin gücünün ifadəsidir”.

  • 26.09.2018, 16:54, Oxunub: 1 176
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Xəbər lenti
    Bütün xəbərlər →
    Saygaclar