Bakıda kirayə ev qıtlığı - Qiymətlər “ceyran belində”… - REPORTAJ


Bakıda kirayə ev qıtlığı - Qiymətlər “ceyran belində”… - REPORTAJ
Məlum olduğu kimi, avqust ayının sonlarından başlayaraq kirayə mənzil bazarında qiymətlər kəskin bahalaşdı. Xüsusən də yeni dərs ilinin başlanması ilə əlaqədar minlərlə tələbənin paytaxta axın etməsi və kirayə mənzillərə tələbatın artması bahalaşmanı bir qədər də sürətləndirdi.

Eləcə də hökumətin qərarı ilə köhnə və yararsız vəziyyətdə olan binaların sökülməsi ilə bağlı həyata keçirilən pilot layihələr paytaxda kirayə mənzil qıtlığının yaranmasına səbəb oldu. Artıq tələbələr demək olar ki, kirayə mənzillərdə tam olaraq yerləşiblər, bazardakı canlanma bir qədər səngiyib.

Bəs, qiymətlərdə hansı istiqamətdə dəyişiklik qeydə alınıb? Mənzil dəllalları bazarın durumunu necə qiymətləndirirlər?

Milli.Az bildirir ki, musavat.com-un müxbiri bu suallara aydınlıq gətirmək üçün kirayə mənzil bazarına baş çəkib və ev dəllalları ilə həmsöhbət olub.

Kirayə mənzil bazarında canlanma davam edir. "Makler"lər ötən aylarla müqayisədə bu ay kirayə qiymətlərinin bir qədər də bahalaşdığını bildirdilər. Belə ki, mərkəzə, magistral yola, metroya yaxın ərazilərdə ikiotaqlı mənzillərin qiyməti 300-350 manat, üçotaqlılar isə 400-500 manat arasında dəyişir.

Mənzil dəllallarının sözlərinə görə, qiymət artımının səbəbi kirayə verilən mənzillərin qıtlığı və tələbatın artmasıdır: "Bildiyiniz kimi, şəhərdə bir çox yerlərdə söküntü işləri aparılır. Tikinti şirktləri pillot layihə çərçivəsində sökdükləri binaların sakinlərini iki il müddətində Bakının müxtəlif yerlərində kirayəyə köçürürlər. Bu səbəbdən şəhərdə kirayə ev qıtlığı yaranır. Bu gün kirayə mənzil bazarında ev tapmaq müşkül məsələyə çevrilib. Misal üçün, metrostansiyaların yaxınlığında demək olar ki, kirayə evlər çox azdır. Olsa belə, qiyməti əvvəlkindən bir xeyli bahadır".

Maklerlərlə söhbət zamanı o da bəlli oldu ki, mənzil sahibləri bu durumdan maksimum istifadə edirlər: "Hazırda ev sahibləri üçün fürsət yaranıb. Onlar bilirlər ki, Bakıda kütləvi söküntü gedir. Ailələr məcbur şəkildə kirayə mənzillərə köçürülür. Buna görə də mənzillərini baha qiymətə kirayəyə vermək istəyirlər. Bu cür vəziyyət artıq bir ildən çoxdur ki, davam edir. Kirayə mənzilə tələbat əsasən Nərimanov və Binəqədi rayonlarındadır. Çünki bu ərazidə daha çox söküntü işləri aparılır. "Xruşovka" tipli binalarda və köhnə həyət evlərində yaşayan ailələr köçürülür".

Digər bir dəllal da müştərilər üçün uyğun ev tapmaqda çətinlik çəkdiklərini bildirdi: "Pilot layihə ilə bağlı köçürülənlərin kirayə pulunu şirkət verir. Ona görə də minmum iki illliyə ev tuturlar. Tələbələr də mənzilləri ən azı 1 il müddətinə tuturlar. Yəni bazara yeni bir kütlə axın etsə də, bir o qədər kirayə mənzil təklifi gəlməyib. Tələb artıb, təklif isə dəyişməz olaraq qalır. Bu baxımdan ucuzlaşmadan söhbət gedə bilməz. Əvvəl 250 manata birotaqlı, ortatəmirli mənzil tapmaq mümkün idi. Metro ətrafında ikiotaqlı, təmirli evlər 350 manatdan başlayır. Üçotaqlı, normal şəraitli ev isə 350-400 manatadır, metro ətrafında hətta 450 manata da ola bilər. Mərkəzdən bir qədər kənarda isə bu qiymətlərdən 50 manat ucuz ev tapmaq mümkündür".

Kirayə mənzil tapmaq üçün bazara üz tutan bir neçə müştəri ilə də həmsöhbət olduq. Ev axtaranların əksəriyyəti Qaraçuxur, Günəşli, NZS qəsəbəsində yaşayanlar idi.

Rasim adlı şəxs iki gündür ki, kirayə mənzil axtardığını, lakin tapa bilmədiyini dedi: "Nəqliyyatın qiyməti bahalaşandan sonra metro ətrafında kirayə mənzil axtarıram. Hər gün marşruta 30 qəpik verib metroya gəlirəm. Sonra 30 qəpik də metroya verirəm. Təkcə bununla bitmir. Gün ərzində iki dəfə harasa çıxsam, gərək aylıq 80-90 manat yol pulu verəm. Bu səbəbdən də metro ətrafına köçmək istəyirəm. Həm istədiyim yerə rahat gedərəm, həm də az xərcim çıxar".

Müştəri kirayə evlərin kəskin bahalaşdığını da bildirdi: "Bir həftədir ki, ikiotaqlı, orta təmirli, müəyyən əşyaları olan mənzil axtarıram. Lakin qiymətlər çox bahadır. Belə mənzillərin qiyməti 350-450 manat civarındadır. 3-4 ay öncə ilə müqayisədə minimum 50 manat fərq edir. Maklerlər kirayə evlərin hələ bir qədər də bahalaşacağını deyirlər".

  • 14.10.2018, 16:25, Oxunub: 1 778
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar