ABŞ İranın 20 bank və şirkətinə sanksiya qoyub


ABŞ İranın 20 bank və şirkətinə sanksiya qoyub
ABŞ Maliyyə Nazirliyi oktyabrın 16-da bəyanat yayaraq İranın 20 bank və şirkətinə sanksiya qoyduğunu bildirib.

Bəyanatda bildirilir ki, sanksiyaya məruz qalan bank və şirkətlər, “Bəsic Kooperasiya Fondu” ilə əlaqədə olaraq insan hüquqlarını pozmaqda, terrorçu fəaliyyətlərə dəstək verməkdə və yeniyetmə uşaqları cəlb edərək savaşa göndərməkdə günahlandırılırlar: “Bəsic” ölkə daxilində zorakı repressiyaların həyata keçirilməsində və insan hüquqlarının ciddi və kobud şəkildə pozulmasında rol oynamaqla yanaşı, yeniyetmə uşaqlardan qüvvə toplayaraq onlara hərbi təlim keçir, onları vəhşi Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərir”.

Amerikanın maliyyə naziri Stiven Mnuçin oktyabrın 16-da jurnalistlərə açıqlamasında İranın bank və şirkətlərinə qoyulan sanksiyaların əhəmiyyətindən danışıb: “Beynəlxalq ictimaiyyət bilməlidir ki, “Bəsic Kooperasiya Fondu” və onun şəbəkəsi daxilində fəaliyyət göstərən bank və şirkətlərlə ticarət əlaqələrinə girməyin dünyada insan hüquqlarına riayət olunmasına qarşı ciddi fəsadları olacaq. Bu ticarət əlaqələri, həm də İranın Orta Şərq regionunda zorakılığa rəvac verən ambisiyalarının gücləndirilməsinə gətirib çıxaracaq”.

Amerika Maliyyə Nazirliyinin sanksiyalar siyahısına salınan İranın bank və şirkətləri bunlardır:

“Əndişe-ye Mehravəran” sərmayə qoyuluşu şirkəti
"Bəhmən" Qrupu
Bəndər Abbas Zink İstehsal şirkəti
“Millət” bankı
“Bəsic” Kooperasiya Fondu
“Kalsimin” şirkəti
İsfahan Mübarikə polad şirkəti
İran “Traktorsazi” şirkəti
İran zink mədənləri genişləndirmə şirkəti
“Mehr iqtisad” bankı
“Mehr iqtisad” maliyyə qrupu
“Negin Sahil Royal” sərmayə qoyuluşu şirkəti
“Parsiyan” bankı
“Parsiyan” kimyəvi Katalist şirkəti
“Qeşm” zinkəritmə şirkəti
“Sina” bankı
“Təbiətgərdan Atiyə İraniyan”sərmayə qoyuluşu şirkəti
“Təktar” sərmayə qoyuluşu şirkəti
“Teknotar” mühəndislik şirkəti
Zəncan “Əsidsazi” şirkəti.


Xatırladaq ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncamına əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb.

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

  • 17.10.2018, 12:01, Oxunub: 553
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar