Rəsmi Bakı Rusiya XİN-in mövqeyindən “təəccüblənib”


Rəsmi Bakı Rusiya XİN-in mövqeyindən “təəccüblənib”
Azərbaycan XİN mətbuat xidməti RF Dövlət Duması deputatlarının və rusiyalı digər xadimlərin Dağlıq Qarabağa bu yaxınlardakı səfərinin qiymətləndirilməsi zamanı RF XİN-in "münaqişənin bütün tərəfləri" ifadəsini işlətməsinə təəccüblənib.

Azərbaycan XİN-in Turan agentliyinə göndərdiyi şərhdə deyilir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Rusiya XİN çox yaxşı bilir ki, münaqişənin iki tərəfi var və bunlar Ermənistan və Azərbaycandır. ATƏT-in 1992-ci il Helsinki Nazirlər Şurasının yekun bəyanatı və digər sənədlərində münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan təsbit olunub. Hazırda da Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar bu formatda aparılır.

"Hesab edirik ki, Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Svetlana Jurovanın da bu qanunsuz və münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən təxribatçı səfərdə iştirakının müqabilində Rusiya XİN-in açıqlaması təsirli xarakter daşımır", - şərhdə qeyd olunur.

Xatırladaq ki, ötən həftə bir qrup rusiyalı qadın Ermənistanın baş naziri Anna Akopyanın dəvətilə Dağlıq Qarabağa səfər edib. Səfər sülhməralı səfər kimi elan edilib, ancaq rəsmi Bakının etirazına səbəb olub. Bununla belə, təşkilatçılar Bakının razılığı olmadan işğal olunmuş ərazilərə səfər etməməklə bağlı Azərbaycanın tələbinə məhəl qoymayıblar. Odur ki, səfər iştirakçıları "qara siyahı"ya daxil ediliblər və onlara Azərbaycana giriş qadağan edilib.

  • 17.10.2018, 21:56, Oxunub: 1 533
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar