"Neftçi"nin adına yaraşmayan oğurluğu - VİDEOFAKT


"Neftçi"nin adına yaraşmayan oğurluğu - VİDEOFAKT
"Neftçi"nin prezidenti Kamran Quliyevin klub barədə fikirlərinin yer aldığı video yayımlanıb. Prezident klub saytında yer alan videoçarxda komandanın azarkeşlərindən, stadionundan və tarixindən söz açıb. Kamran Quliyev komandanın ağır günlərindən və zəfərlərindən də danışıb.

Bura qədər hər şey normaldır. Amma internetdə kiçik bir araşdırma apararkən ortaya maraqlı məqamlar çıxır. Məlum olur ki, bu "Neftçi"nin öz ideyası deyil, əməlli-başlı oğurluqdur.

Özü də İngiltərəninin "Liverpul" klubundan... Videonu hazırlayan klub əməkdaşları sadəcə sözləri tərcümə edib və "Liverpul"u "Neftçi" ilə əvəzləyib. Bununla da azarkeşlərə plagiat bir video təqdim ediblər. Hələ klubun prezidenti də utanmadan bu oğurluqda iştirak edərək, oğurlanmış mətni oxuyur.

"Neftçi"nin və digərlərinin "Liverpul" kimi böyük, tarixi olan peşəkar klublardan nəyisə öyrənməsi pis deyil. Amma bunun oğurluq şəkilində olması ən azı 81 yaşlı PEŞƏKAR klubun adına, tarixinə təhqirdir. Kamran Quliyev "Liverpul"dan nəsə öyrənmək istəyirsə, klub idarəçiliyi öyrənsin, futbol öyrənsin. Yoxsa nəyisə oğurlayıb öz məhsulun kimi azarkeşinə təqdim etmək nə peşəkarlığa sığır, nə də etikaya. Kamran Quliyevin böyük klubun prezidenti olmaq istəyi varsa, bunu oğurluq edərək yox, öz ideyalarını ortaya qoymaqla edə bilər.

81 yaşlı klubun onlarla işçisi var, onların içindən bir nəfər normal bir ssenari yazıb, ortaya normal bir iş qoya bilmirdi? Bilmirlərsə, Azərbaycanın ən titullu, ən yaşlı klubunda nə işləri var, niyə dövlətin kluba ayırdığı puldan maaş almalıdırlar? (fanat.az)





  • 24.10.2018, 21:42, Oxunub: 2 625
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar