Bu rayonların polis rəislərinə cinayət işi açıla bilər


Bu rayonların polis rəislərinə cinayət işi açıla bilər
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Müzəffər Sərxanbəyovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Realliq.info report-a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Mikayıl Rəhimov ifadə verib.

O deyib ki, hadisə günü klubda olub: "Bir nəfər sərxoş olduğundan onu çölə çıxartdılar. Biz də çıxdıq, həmin vaxt Müzəffər həmin şəxsin yanındaydı. Biz ondan nəsə kömək lazım olub-olmadığını soruşduq. Bu vaxt Fərid söhbətə müdaxilə elədi, qışqırıb nəsə dedi. Sonra ara qızışdı, kənardan Emin gəlib Müzəffərin atasını söydü. Ardınca Emin onu yumruqla vurdu. Sonra Müzəffər onları bıçaqladı, mən bıçaqlama anını yox, sonradan qanı gördüm”.

Hakim qeyd edib ki, bu cinayət işində şahidlərin bəziləri və zərərçəkmiş şəxslərin özlərinin əməlində də cinayət tərkibi var: "Lakin istintaq buna qiymət verməyib, həmçinin işi aparan müstəntiq cinayət işində pozuntulara yol verib. İstintaq qeyd edib ki, zərərçəkmiş Emin həmin zaman ictimai borcunu yerinə yetirib, amma o hadisə vaxtı Müzəffəri yumruqla vurub. Hökmdə həmin şahidlər və zərərçəkmişlərlə bağlı da qərar veriləcək".

Daha sonra hakim bildirib ki, zərərçəkmişlər də məhkəməyə gəlib ifadə vermirlər: "Şahidlərin də bir neçəsi məhkəmədən yayınır. Bununla bağlı dəfələrlə Suraxanı rayon Polis idarəsi və Sumqayıt şəhər Polis idarəsinə müraciətlər edilsə də, məhkəmənin qərarı yerinə yetirilmir. Onlar tərəfindən məhkəməyə müraciətlə bağlı hər hansı cavab verilmir".

Hakim Z.Ağayev söyləyib ki, Daxili İşlər Nazirliyinə həmin polis idarələrinin rəisləri barədə məktub göndəriləcək: "Əgər növbəti prosesdə də məhkəmənin qərarı icra olunmasa, Suraxanı və Sumqayıt polis idarələrinin rəisləri haqqında cinayət işi başlanılması üçün qərardad çıxarıla bilər. Bizim təcrübəmizdə belə hallar olub”.

Məhkəmənin baxış iclası noyabrın 2-nə təyin edilib.

Qeyd edək ki, M.Sərxanbəyov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirli bilinir.

O, bu ilin may ayında Bakının Bülbül prospektində yerləşən gecə klublarından birində əyləndikdən sonra tanımadığı şəxslərlə mübahisə edib. Mübahisə gecə klubundan çöldə davam edərkən M.Sərxanbəyov əlini bıçağa atıb. Daha sonra o, mübahisə etdiyi iki şəxsə bıçaqla xəsarət yetirib.

  • 26.10.2018, 15:22, Oxunub: 2 604
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar