Ticarət dövriyyəsi necə dəyişib?


Ticarət dövriyyəsi necə dəyişib?
Mayın 15-də Dövlət Statistika Komitəsi pərakəndə ticarət dövriyyəsi haqqında hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, 2017-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,7 faiz üstələyərək 10,2 milyard manata bərabər olub.

Ticarət dövriyyəsinin 50,6 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,4 faizini qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-aprel aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,6 faiz və 2,7 faiz üstələyib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 45,2 faizi ərzaq məhsullarının, 5,4 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,4 faizi elektrik malları və mebellərin, 4,9 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq malları və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2017-ci ilin yanvar-aprel aylarında istehlak məhsullarının 11,4 faizini hüquqi şəxs statuslu müəssisələr, 53,5 faizini fərdi sahibkarlar satıb, 35,1 faizi isə bazar və yarmarkalarda satılıb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə hüquqi şəxslər üzrə 2,7 faiz, fərdi sahibkarlar üzrə 2,5 faiz artıb, bazar və yarmarkalar üzrə isə sabit qalmışdır.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 263,5 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 36 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 133,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 130,3 manatlıq qeyri-ərzaq məhsulları alıb.


  • 15.05.2017, 13:16, Oxunub: 1 379
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar