İlham Əliyev 2 sərəncam imzaladı


İlham Əliyev 2 sərəncam imzaladı
Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Realliq.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəcanmda deyilir:

“Sivilizasiyaların qovuşuğunda yerləşən və birləşdirici körpü rolunu oynayan Azərbaycan qədim mədəniyyət mərkəzlərindən biri olaraq özünün unikal geosiyasi mövqeyi sayəsində multikultural nailiyyətlər qazanmış və tolerantlıq mühitinin formalaşmasına əvəzsiz töhfələr vermişdir. Onun, eyni zamanda, İslam dininin yayılması və Müsəlman İntibahının bərqərar olmasında özünəməxsus yeri vardır. Ölkəmizdə ötən “Multikulturalizm İli”nin davamı kimi 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi məhz həmin çoxəsrlik zəngin tarixi təcrübənin günümüzdəki rəmzi ifadəsidir.

Müasir Azərbaycan cəmiyyətində bərqərar olmuş yüksək tolerantlıq modeli və müxtəlif konfessiyalar arasında mövcud ahəngdarlıq müstəqil dövlətçiliyin inkişafı baxımından xüsusi əhəmiyyət daşımaqla yanaşı, sivilizasiyalararası dialoqda bir sıra problemlərin meydana çıxdığı və milli, dini zəmində münaqişələrin artma tendensiyasının müşahidə olunduğu hazırkı dövrdə multikultural dəyərlərin təbliği baxımından nümunə təşkil edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1,0 (bir) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 250,0 (iki yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 250,0 (iki yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 100,0 (yüz) min manat, Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası dini qurumuna 100,0 (yüz) min manat və Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasına 100,0 (yüz) min manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxs yaradılsın.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir.

3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş publik hüquqi şəxsin nizamnaməsinin layihəsini və təsisçisinin səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini on beş gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, açıq məkanda reklam yerləşdirilməsi “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada davam etdirilsin”.

  • 20.06.2017, 18:49, Oxunub: 1 457
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar